Azərbaycanın Təkrarolunmaz Simvolları - İncəsənət Muzey turu
İncəsənət və Mədəniyyət
İstiqamət:
Bakı
Müddət:
9 saat
Heydər Əliyev Mərkəzi
Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır. Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.
Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur.
Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.
Müasir İncəsənət Muzeyi
Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən rəsm və heykəltaraşlıq əsərləri toplusudur. Incəsənətin ümumbəşəriliyin təcəssümü kimi muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəraşlıq əsərləri də təmsil olunmuşdur: Qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir.
Burada həmçinin Səttar Bəhlulzadə, Tahir Salaxov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Oktay Sadıx-zadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov kimi fiqurativ incəsənətin klassiklərinin kolleksiyaları da təqdim olunub. Müasir incəsənət muzeyi müasir dövrün son 70 ilin azərbaycan rəssam və heykəltaraşlarının 1000 dən yuxarı incəsənət əsərini təqdim edən şedevrlər dünyasıdır.
Muzeyin konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeydə qapalı formalar yoxdur. Iki mərtəbə vahid açıq məkanda yerləşmişdir və “Unudulmuş pilləkan” obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.
Azərbaycan Xalça Muzeyi
1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-cü ildən isə Azərbaycan Xalça Muzeyi adlanır.
Yarandığı dövrdə dünyada sırf xalçaçılıq sənətinə həsr olunmuş yeganə muzey idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, Azərbaycan xalçaçılıq elminin banisi, rəssam və müəllim, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimov olmuşdur. Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır.
2014-cü ildə Dənizkənarı Milli Parkda avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi.
Muzey əlaqədar beynəlxalq şəbəkələrin fəal iştirakçısıdır. O, Avropa Tekstil Şəbəkəsi (ETN), Avropa Muzey Forumu (EMF), Beynəlxalq Muzeylər Şurası (İCOM), YUNESKO və Təhsil, Elm və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Fond (IFESCCO) ilə sıx əməkdaşlıq edir.
Azərbaycan Milli İncəsənət Muzeyi
Azərbaycanın ən böyük incəsənət muzeyidir. Muzeyin ümumilikdə 60 otaqda təşkil olunmuş daimi ekspozisiyasında 3000-dən çox əsər sərgilənir. Birinci korpusda 7 otaq Avropa incəsənətinə, 10 otaq rus incəsənətinə, qalanları isə İran, Türkiyə, Yaponiya və sair dövlətlərin incəsənətinə həsr olunub. İkinci korpusda 8 otaq antik və orta əsrlər Azərbaycan incəsənətinə, 30 otaq isə Azərbaycan rəssam və heykəltəraşlarının yaradıcılığına həsr olunub. Bu otaqlarda XVIII, XIX, XX əsr Azərbaycan sənətkarlarının işləri ilə yanaşı, orta əsrlərin müxtəlif dövrlərinə aid xalq tətbiqi sənət nümunələri, xüsusilə Azərbaycan xalçalarının müxtəlif qruplarına aid olan nadir növləri, həmçinin arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət əsərləri, orta əsr geyimləri, məişət əşyaları sərgilənir. Kişi və qadın kəmərlərinin, həmçinin silahların sərgiləndiyi ayrıca zallar vardır. Bu zallarda sərgilənən sənət nümunələri qiymətli metallardan hazırlanmaqla, qiymətli və yarı-qiymətli daşlarla bəzədilmişdir. Muzeydə 1700-dən çox eksponat saxlanılır.
10:00 - Bakı şəhərində yerləşən müxtəlif muzeylərə ekskursiyanın başlanması - Heydər Əliyev Mərkəzi
12:00 - Müasir İncəsənət Muzeyi
14:00 - Nahar fasiləsi
15:00 - Azərbaycan Xalça Muzeyi
16:30 - Azərbaycan Milli İncəsənət Muzeyi
18:30 - Otelə qayıdış