Retro Maşınlarla Bakı İncəsənət Turu
Gəzinti Turları, Retro, İncəsənət və Mədəniyyət, Lüks və xüsusi günlər üçün Turlar
İstiqamət:
Bakı
Müddət:
7 saat
Bu turda siz Şərq və Avropa mədəniyyətinin vəhdətini retro avtomobillərdə gəzərək görəcək, Bakının Mədəniyyət guşələri olan H. Əliyev Mərkəzini, Müasir İncəsənət Muzeyini, Xalça Muzeyini kəşf edəcək və İçərişəhərdə yerləşən Mayak 13 restoranında gözəl nahar edəcəksiniz.
Heydər Əliyev Mərkəzi
Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır. Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.
Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur.
Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.
Müasir İncəsənət Muzeyi
Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən rəsm və heykəltaraşlıq əsərləri toplusudur. Incəsənətin ümumbəşəriliyin təcəssümü kimi muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəraşlıq əsərləri də təmsil olunmuşdur: Qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir.
Burada həmçinin Səttar Bəhlulzadə, Tahir Salaxov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Oktay Sadıx-zadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov kimi fiqurativ incəsənətin klassiklərinin kolleksiyaları da təqdim olunub. Müasir incəsənət muzeyi müasir dövrün son 70 ilin azərbaycan rəssam və heykəltaraşlarının 1000 dən yuxarı incəsənət əsərini təqdim edən şedevrlər dünyasıdır.
Muzeyin konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeydə qapalı formalar yoxdur. Iki mərtəbə vahid açıq məkanda yerləşmişdir və “Unudulmuş pilləkan” obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.
Azərbaycan Xalça Muzeyi
1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-cü ildən isə Azərbaycan Xalça Muzeyi adlanır.
Yarandığı dövrdə dünyada sırf xalçaçılıq sənətinə həsr olunmuş yeganə muzey idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, Azərbaycan xalçaçılıq elminin banisi, rəssam və müəllim, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimov olmuşdur. Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır.
2014-cü ildə Dənizkənarı Milli Parkda avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi.
Muzey əlaqədar beynəlxalq şəbəkələrin fəal iştirakçısıdır. O, Avropa Tekstil Şəbəkəsi (ETN), Avropa Muzey Forumu (EMF), Beynəlxalq Muzeylər Şurası (İCOM), YUNESKO və Təhsil, Elm və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Fond (IFESCCO) ilə sıx əməkdaşlıq edir.
10:00 - H. Əliyev Mərkəzi
12:00 - Müasir İncəsənət Muzeyi
14:00 - Mayak 13 restoranında nahar
15:00 - Azərbaycan Xalça Muzeyi
16:30 - Otelə qayıdış
Qeyd:
- retro maşınlarla səyahət 2-3 saat olacaq, qalan vaxtı başqa maşınlarla və piyada olacaq
- retro maşınların qiymətləri fərqlənir, zəhmət olmasa bizlə dəqiqləşdirin turu almamışdan qabaq