Palçıq vulkanları və Qobustan
Gəzinti Turları
İstiqamət:
Qobustan
Müddət:
6 saat
Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir.
Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.
Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu Mesopotamiyadan daha qədim sayılan Qobustan abidələrindən salın. Bu nadir qoruq Bakıdan 54 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşir.
Qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib. Qeyd olunur ki, məşhur Norveç tədqiqatçısı Tur Heyerdal, dünyanın digər alimləri Qobustana səfər edərkən burada gördüklərindən heyranlıqlarını gizlədə bilməyiblər. Qobustanın petroqlifləri müxtəlif dövrlərə aid edilir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Məhz bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız.
10:00 - Qobustan Milli Parkına transfer Aşağıda sadalanan yerlərlə tanış olacaqsınız: - Böyükdaş dağında qaya rəsimləri, təsvirlər, yazı və piktoqramlar - Neolit dövrünə məxsus məzar daşları - Roman ordusu tərəfindən tərk edilən, Latın əlifbası ilə yazılmış daş plitə - Qobustan ərazisində keçirilən ritual rəqslərdə və mərasimlərdə istifadə edilən qaval daş
13:00 - Nahar fasiləsi
14:00 - Turumuzu möhtəşəm məkan olan palçıq vulkanlarına ekskursiya marşrutu üzrə davam etdiririk - Köhnə neft yataqları və Bibi Heybət ərazisində qədim məbəd - Xəzər dənizində dəniz neft platformaları - Daşqıl dağında palçıq vulkanizminin təzahürləri - Lökbatan yaxınlığında yerləşən ən böyük və ən iri neft sənayesi ərazisi ilə tanışlıq - Məşhur “James Bond” filminin çəkildiyi məkana ekskursiya
16:00 - Otelə qayıdış