6 Günlük Bakı və Azərbaycan Turu
Gəzinti Turları, İncəsənət və Mədəniyyət, Təbiət Turları
İstiqamət:
Bakı-Abşeron-Qobustan-Qəbələ-Quba-Xınalıq
Müddət:
6 gün
Bu turda Bakı və ətrafının ən gözəl yerlərini görəcək, Qəbələ və Quba-Xınalığa səfər edəcəksiniz.
Gəzinti:
• İçərişəhər və ya Qədim Şəhər – bu tarix və memarlıq qoruğuna Şirvanşahlar Sarayı, Sınıq Qala minarəsi, Orta Əsrlərə aid Meydan, İçəriçəhər Arxeoloji Muzeyi, Seyid Yəhya Bakuvi mavzoleyi, karvansaraylar, Mollaxana, müxtəlif məscidlər, mədrəsələr, hamamlar, Bakı Xanlarının evi və 19-cu əsrlərə aid müxtəlif mənzillər.
• Minyatür Kitablar Muzeyi - kiçik və mikro kitabların nəhəng kolleksiyası
• Dağüstü Park - Bakının heyranedici mənzərəsi
•Alov Qüllələri - 2012-ci ildə başa çatmış bu üç göydələndən ibarət kpmpleks Bakının rəmzlərindən birinə çevrilmişdir. Dizaynda alovların yerdən yuxarıya doğru qalxması əks etdirilib. Alov, enerji və əbədiliyi təmsil edir və qədim ibadət elementi hesab olunur.
• Şəhidlər Xiyabanı- bu ərazidə Azərbaycanın azadlığı uğrunda, həm 20 Yanvar faciəsi, həm də Qarabağ döyüşlərində şəhid olan insanların məzarları yerləşir.
• Milli Park/Bulvar - dünyanın ikinci ən uzun bulvarı, şəhərin sakinləri və qonaqları üçün gözəl istirahət yeridir.
• Bayraq Meydanı - Burada yerləşən 162 m uzunluğunda bayraq dirəyi 2010-cu ildə inşa ediləndə dünyanın ən hündür bayraq dirəyi hesab olunurdu.
• Xalça Muzeyi - 2014-cü ildə tikilmiş bu muzeydə Azərbaycanın ən böyük xalça kolleksiyası nümayiş olunur. Dizaynı isə bükülmüş xalça şəklindədir.
• Beynəlxalq Muğam Mərkəzi - Bu muğam mərkəzinin yaradılmasında əsas məqsəd dünyaya muğamı tanıtmaqdır. Muğam YUNESKO-nun qeyri-maddi irsinə daxil edilmişdir. 7500 kv.m-lik bina Azərbaycanın qədim musiqi alətlərindən biri olan Tar formasındadır. 3 mərtəbəli binada 350 yerlik konsert zalı, klub, sinif otağı, səsyazma studiyası, 80 yerlik "Ud" restoranı fəaliyyət göstərir.
• Fontanlar Bağı - Gəzəyənlər üçün çox populyar ərazidə həm də Nizami Adına Ədəbiyyat Muzeyi də yerləşir.
• Hökümət Evi - Bakının Sovet dövründən qalan ən möhtəşəm binası hesab olunur.
Gəzinti:
• Atəşgah - Keçmişin izlərini özündə yaşadan Odlar məbədi - “Atəşgah” Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. Müasir Atəşgah XVI-XVII əsrlərdə yerdən təbii çıxan qaz yatağının üstündə inşa edilib. Məbədi Suraxanı sakinlərinin tikdiyi ehtimal olunur. Bütün tarixi mənbələrdə Bakı təbii alovların yandığı Odlar diyarı kimi təqdim olunur və ehtimal olunur ki, bu, Bakı ərazisində bizim eradan əvvələ aid ilk məbəddir.
Fransız yazıçısı Aleksandr Düma, məşhur rus kimyaçısı Mendeleyev, rus rəssamı Qriqori Qaqarin bura gələrək, ibadət edənlərə baxıblar. Mendeleyev hətta həyat yoldaşına yazdığı məktubda indiyədək belə bir məbəd görmədiyini etiraf etmişdi. 1888-ci ildə “Atəşgah”a ailəsi ilə birlikdə gələn rus çarı III Aleksandr da indiyədək ikinci belə bir məbəd tanımadığını deyib.
• Yanardağ - "Yanardağ” haqqında ilk yazılı mənbə eramızın X əsrinə təsadüf edir. Bizanslı alim Paniyli Pirsk Qafqaz Albaniyası Bakını təsvir edərkən “sualtı qayadan qalxan od”-dan söz açır. Bundan başqa, ərəb alim və səyyahları Əl Məsudi, Əbu Duləf-əl Yənbui, Əl-Farisi Əl-İstəxri, Əbdürəşid-Əl Bakuvi əsərlərində Abşeron yarımadasında olan yanar dağlar haqqında geniş məlumat veriblər. 2007-ci ildə “Yanar dağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanar dağ aiddir.
• Heydər Əliyev Mərkəzi - Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır. Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.
Gəzinti:
Qobustan Milli Parkı- Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu Mesopotamiyadan daha qədim sayılan Qobustan abidələrindən salın. Bu nadir qoruq Bakıdan 54 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşir.
Qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib. Qeyd olunur ki, məşhur Norveç tədqiqatçısı Tur Heyerdal, dünyanın digər alimləri Qobustana səfər edərkən burada gördüklərindən heyranlıqlarını gizlədə bilməyiblər. Qobustanın petroqlifləri müxtəlif dövrlərə aid edilir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Məhz bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız.
Gəzinti:
- Qəbələ regionunun mənzərəli ətrafı və təbii irsinin tədqiqi
- Qədim Qafqaz xalqının yadigarı olan Alban-Udin Kilsəsi - Nic kəndində yerləşən, yenidən bərpa edilmiş xristian kilsəsi "Çotari" və qədim "Bulon" - Çuxur - Qəbələ qəsəbəsi yaxınlığında aşkarlanmış arxeoloji qazıntı yerləri - Göydağ və Göyburundağ silsilələri arasında yerləşən Nohurqışlaq su anbarı
- Məşhur Yeddi Gözəl şəlaləsi və Nohurgöl
- Qəbələ şəhərindəki tarixi və mədəni abidələrlə yaxından tanışlıq. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq
Gəzinti:
- Quba - Zəngin tarixə və füsunkar təbiətə malik Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biri hesab edilir.
Buraya səyahət edən turistlər kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsində, ecazkar Qəçrəş ərazisində istirahət edə bilərlər.
- Xınalıq - Rayonun ərazisində dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız öz gözəlliyi ilə insanları valeh edir.
Otel: 4* Anatolia Hotel (və ya daha yaxşı alternativ)
Qeyd: Yuxarı sezonda mümkün qədər əvvəl sifariş etmək məsləhətdir. Formula 1, Novruz Bayramı, Avropa Liqasının finalı və ya digər yüksək səviyyəli tədbirlər zamanı qiymətlər dəyişə bilər.